top of page
Search

Azərbaycan qanunvericiliyində azyaşlıların müdafiəsi: Astara rayonundan praktiki nümunə

  • Feb 4
  • 2 min read

Astara rayonunda 28 yaşlı bir şəxs, 15 yaşında olan yetkinlik yaşına çatmayan dayısı qızı ilə cinsi əlaqədə olmuş və bu əlaqə nəticəsində qız hamilə qalmışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, həm qızı evə gətirəndə, həm də cinsi əlaqə zamanı heç bir məcburiyyət olmayıb. 2024-cü ilin yanvar ayından etibarən onlar birlikdə yaşamağa başlamışdır. Daha sonra azyaşlının sağlamlıq problemləri üzə çıxdığı üçün xəstəxanaya müraciət etmişlər və müayinə nəticəsində qızın həm qızılca xəstəliyi, həm də hamilə olduğu müəyyən edilmişdir. Bu hadisə ilə bağlı cinayət işi açılmışdır.




Hadisədə şəxsin 15 yaşlı dayısı qızı ilə cinsi əlaqədə olması və onun yaşını bilməsi, Azərbaycan Cinayət Məcəlləsinin (CM) 152.1-ci maddəsinin tətbiqinə əsas vermişdir. Bu maddəyə görə, 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq və ya seksual xarakterli digər hərəkətlər etmək, üç ilədək müddətə azadlıqdan məhrum etmə və ya müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə cəzalandırılır. Astara Rayon Məhkəməsində işə baxılmış və CM-nin 70-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə 1 il 5 ay 28 gün müddətinə şərti cəza verilmişdir.


Şərti məhkum etmə, məhkəmənin cəza təyin edərkən məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydığı hallarda tətbiq olunur. Məhkəmə, şərti cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti cəza təyin edilərkən məhkum üçün sınaq müddəti müəyyən edilir. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunduğunu sübut etməlidir. Sınaq müddəti adətən altı aydan beş ilədək müddətə təyin olunur. Bu işdə məhkəmə, CM-nin 59.2-ci maddəsinə əsasən, azyaşlının hamilə olmasını, zorakılığın olmamasını və təqsirləndirilən şəxsin əməlindən peşman olduğunu yüngülləşdirici hallar kimi nəzərə alaraq şərti cəza təyin etmiş ola bilər.


Bu hadisə göstərir ki, yaş həddi ilə bağlı qanunvericiliyin pozulması, hətta tərəflərin razılığı olsa belə, cinayət hesab olunur. Məhkəmə cəza təyin edərkən tərəflərin sosial durumu, ailə münasibətləri və digər amilləri nəzərə alsa da, qanunun əsas prinsiplərindən çıxış edir. Belə hallarda cəza siyasətinin dəqiq tətbiqi, azyaşlıların müdafiəsini gücləndirməklə yanaşı, cəzanın cinayətin təbiətinə uyğun olaraq adekvat verilməsini təmin etməlidir.

 
 
bottom of page