top of page
Search

Həyat Yoldaşının Toylara Getməsinə Qadağa: Hüquqi Təhlil

  • Jan 21
  • 2 min read

Tanınmış klarnetçi Hüseyn Məhəmmədoğlunun həyat yoldaşı aktrisa Aysel İbrahimovanın toy məclislərinə getməsinə dair qadağa qoyduğunu ifadə etməsi, ailədaxili münasibətlər və fərdi hüquqlar baxımından müzakirələrə səbəb olub. HAB olaraq bu məsələnin Azərbaycan qanunvericiliyinə əsaslanan hüquqi təhlil etdik:




Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən, hər bir şəxs azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Bu, şəxsin istədiyi sosial fəaliyyətlərdə iştirak etmə hüququnu da əhatə edir.

Ailə Məcəlləsinin 1-ci maddəsinə əsasən Ailə münasibətləri qarşılıqlı hörmət, sevgi və bərabərlik prinsiplərinə əsaslanır. Həyat yoldaşının sosial fəaliyyətinə (toy məclislərində iştiraka) qadağa qoyulması bu prinsiplərə zidd ola bilər.

Həmçinin 29-cu maddə bildirir ki, həyat yoldaşlarının hər biri şəxsi qərarlar qəbul etməkdə müstəqildir və öz fəaliyyətini sərbəst şəkildə seçə bilər. Bu, şəxsi və ictimai fəaliyyətlərə sərbəst qərar verməyi də əhatə edir.

Aysel İbrahimovanın toy məclislərinə getməməsi təbii ki, şəxsi seçimi olduğu halda, hüquqi bir məsələnin yaranmasına əsas vermir. Lakin, həyat yoldaşı tərəfindən bu qərarın məcburi şəkildə qoyulması Azərbaycan qanunvericiliyində şəxsi azadlıq prinsiplərinin pozulması kimi qiymətləndirilə bilər.

Əgər şəxsin istəkləri nəzərə alınmadan qərar qəbul edilirsə, bu, hüquqi mübahisələrə səbəb ola bilər:

Belə ki, Konstitusiyasının 25-ci maddəsinə əsasən Hər kəs qanun və məhkəmə qarşısında bərabərdir. Şəxsiyyətinə görə məhdudiyyət qoyulması ayrı-seçkilik kimi qiymətləndirilə bilər. Bu aspektdən baxdıqda Cinsiyyət Bərabərliyi üzrə Ailə üzvləri arasında hüquq bərabərliyi təmin edilməli və hər iki tərəfin şəxsi qərarlarına hörmət edilməlidir.

Məhəmmədoğlunun efirdə “Həyat yoldaşımı toya dəvət etməsinlər” ifadəsi üçüncü şəxslərə münasibətdə də hüquqi nəticələr yarada bilər. Çünki bu açıqlama Aysel İbrahimovanın sosial nüfuzuna və ictimai fəaliyyətinə mənfi təsir göstərə bilər. Azərbaycan Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, şəxsin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər vuran hərəkətlər qanunla qadağandır.

Əgər bu açıqlama nəticəsində Aysel İbrahimovanın ictimai fəaliyyətində məhdudiyyət yaranarsa, o, öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər.

Bu halda ailə üzvünə təzyiq göstərilməsi və ya onun fəaliyyətini məhdudlaşdırmağa cəhd edilməsi psixoloji zorakılıq kimi qiymətləndirilə bilər. “Məişət zorakılığının qarısının alınması” haqqında AR Qanununa əsasən məişət zəminində məişət zəminində psixi zorakılıq - bu Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləri deməkdir. Belə zorakılıq hallarının qarşısını almaq üçün aidiyyəti dövlət qurumlarına müraciət etmək mümkündür.

Hüseyn Məhəmmədoğlunun həyat yoldaşının toy məclislərinə getməsinə dair qoyduğu qadağa, əgər qarşılıqlı razılıq və şəxsi seçim əsasında deyilsə, hüquqi mübahisələrə səbəb ola bilər. AR Ali  Məhkəməsinin № 1-1(102)-63/2023 Qərarında bildirilir ki, psixi zor (zor tətbiq etmək hədəsi) hər bir halda real olmalıdır, yəni onun xarakteri təsdiq etməlidir ki, hazırda və gələcəkdə tətbiq olunmasından asılı olmayaraq belə psixi zorakılıq hərəkətləri istənilən anda təqsirkar tərəfindən həyata keçirilə bilər və zərərçəkənin belə hərəkətlərdən ehtiyatlanmağa real əsasları olmalıdır. Yəni, Aysel İbrahimova bu kimi qadağalarda narazı olmalı və azadlığını məhdudlaşdırdığı qənaətinə gəlməlidir.Azərbaycan qanunvericiliyi şəxsi azadlıq və bərabərlik prinsiplərini qoruyur. Bu səbəbdən, tərəflər arasında hər hansı məhdudiyyətin qarşılıqlı anlaşma ilə həll edilməsi tövsiyə olunur. Əgər bu məsələ mübahisə halını alarsa, aidiyyəti dövlət orqanlarına müraciət hüquqi müdafiə təmin edə bilər.

 

 
 
bottom of page