İt döyüşləri və hüquqi məsuliyyəti
- Feb 24
- 2 min read
Son vaxtlarda sosial şəbəkələrdə it döyüşlərinə dair yayılan paylaşımlar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bu cür qanunsuz fəaliyyətlərə şərait yaradan və ya təşviq edən şəxslərin hüquqi məsuliyyəti ön plana çıxır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (DİN) məsələ ilə bağlı dərhal araşdırma başlatması, belə qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması və cəmiyyəti bu kimi əməllərdən qorumaq məqsədini güdür.

Azərbaycan Respublikasının qanunvericiliyində heyvanların hüquqlarının qorunması ilə bağlı xüsusi müddəalar mövcuddur. “Heyvanlar aləmi” haqqında Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinə əsasən heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasında təqsiri olan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyıdığı hallara heyvanlarla rəhmsiz rəftar etməsi, yəni onlara ağrı, əzab, işgəncə verməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etməsi, rəhmsiz rəftarı nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törətməsi, belə rəftarı təbliğ etməsi və ya belə rəftara açıq çağırışlar etməsi və bu cür rəftarı özündə əks etdirən materialları kommersiya məqsədləri üçün istifadə etməsi aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən bu əmələ görə işin hallarından asılı olaraq beş yüz manatdan iki min manatadək məbləğdə cərimə tətbiq edilə ,yaxud bir ayadək müddətə inzibati həbs tətbiq oluna bilər.
Cəmiyyətin heyvanlara qarşı münasibətinin dəyişməsi, onların hüquqlarına hörmətlə yanaşılması vacibdir. Heyvanlar da insan kimi müəyyən hüquqlara sahibdirlər və onların qorunması yalnız hüquqi deyil, etik məsuliyyətdir. Heyvanlara qarşı sərt rəftar, yalnız heyvanların fiziki və psixoloji sağlamlığına zərər verməkdə qalmır, həm də həmin şəxslərin gələcəkdə cinayətkar davranışlar göstərmə ehtimalını artıra bilir. Araşdırmalar göstərir ki, heyvanlara qarşı qəddar davranış, uşaqlıq və gənclik dövründə yaşanarsa, bu, cinayətkar davranışların inkişafı ilə əlaqəli ola bilər. Bu, həm də cəmiyyətin ümumi təhlükəsizliyi və insan psixologiyasına dair əhəmiyyətli bir məsələdir.
Heyvanlara qarşı sərt rəftar edənlərin gələcəkdə cinayət işləmə potensialı, psixoloji, sosial və hüquqi baxımdan ciddi bir məsələdir. Heyvanlara qarşı qəddar davranışın, insan psixologiyası və cəmiyyətə qarşı təsirləri geniş və dərin bir mövzudur. Cəmiyyətin, dövlətin və hüquq-mühafizə orqanlarının bu davranışları vaxtında təsbit edib, profilaktik tədbirlər görməsi gələcək cinayətlərin qarşısının alınmasında mühüm rol oynayır. Bu, yalnız hüquqi bir məsələ deyil, həm də sosial məsuliyyətin vacib bir hissəsidir.
Müəllif:
HAB üzvü Leyla Təhməzova