top of page
Search

Maşın yarışına görə məsuliyyət

  • Mar 3
  • 1 min read

İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş yoxlamamlar nəticəsində rayon ərazisində qanunsuz sürət yarışı təşkil edən və bununla da digər insanların təhlükəsizliyini ciddi şəkildə pozan şəxslər müəyyən edilərək saxlanılmışdır. Belə ki, Ülvi Səmidxanov, Farid Quliyev və bir yeniyetmə VAZ və BMW markalı avtomobillərlə yol hərəkəti qaydalarına məhəl qoymadan yüksək sürətlə hərəkət etmiş, nəticədə ictimai asayişi və insanların həyatını təhlükəyə atmışlar.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinə görə aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Sözügedən hadisədə hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma nəticəsində toplanmış materiallar məhkəməyə təqdim edilmişdir. Məhkəmənin qərarına əsasən, F. Quliyev sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla yanaşı, 15 sutka inzibati qaydada həbs edilmiş, Ü. Səmidxanov isə inzibati cərimə ilə cəzalandırılmışdır.

Məhkəmənin çıxardığı qərar göstərir ki, yol hərəkəti qaydalarına əməl etməmək yalnız cərimə və sürücülük hüququnun məhdudlaşdırılması ilə nəticələnmir, həm də inzibati qaydada həbs kimi daha sərt tədbirlərin görülməsinə səbəb ola bilər.

Belə halların təkrarlanmaması üçün sürücülər arasında maarifləndirmə işlərinin aparılması və yol hərəkəti qaydalarına riayət edilməsinə dair nəzarətin gücləndirilməsi vacibdir. Qanunsuz yarışlar və digər təhlükəli hərəkətlər təkcə inzibati məsuliyyət doğurmur, həm də ağır nəticələrə səbəb ola bilər ki, bu da cinayət məsuliyyətinə də gətirib çıxara bilər.

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi hər bir sürücünün vəzifəsidir və bu qaydalara əməl edilməməsi ciddi hüquqi nəticələrə gətirib çıxara bilər.

 
 
bottom of page