Məhkumluq Arayışında Yeni Era
- Dec 13, 2024
- 2 min read
Artıq vətəndaşlar məhkumluq haqqında arayışları "MyGov" platforması üzərindən tam rəqəmsal şəkildə əldə edə biləcəklər. Bu yenilik sayəsində, vətəndaşlar iş yeri və ya şəxsi məqsədləri üçün lazım olan arayışı daha sürətli və rahat bir şəkildə əldə edəcəklər. Əvvəllər bu arayışı almaq üçün vətəndaşlar ASAN xidmət mərkəzlərinə fiziki şəkildə şəxsiyyət vəsiqələri ilə yaxınlaşmalı idilər.

Indi isə sadəcə "MyGov" platformasında qeydiyyatdan keçdikdən sonra "Xidmətlər" bölməsindən "Məhkumluq haqqında arayış" xidmətini seçməniz və arayışın məqsədini (iş yeri və digər) seçdikdən sonra müvafiq müraciət ərizəsini təsdiqləməniz kifayət olacaq. Arayışın məqsədinin düzgün seçilməsi çox zəruridir .Əgər iş yeri seçilirsə, vətəndaşın arayışı fiziki olaraq quruma təqdim etməsinə ehtiyac yaranmır. Arayış hazır olduqda, onun rəqəmsal nüsxəsi ƏMAS vasitəsilə avtomatik olaraq iş yerinə göndərilir. Arayışın təqdim olunacağı qurumu iki üsulla tapmaq mümkündür: Qurumu adı ilə və ya Qurumun VÖEN-ini daxil edərək. Şəxsi məqsədlər üçün arayış tələb olunduqda isə, sistem vətəndaşı birbaşa müraciət səhifəsinə yönləndirir. Daha sonra, vətəndaş arayış üçün tələb olunan şəxsi məlumatları yoxlayır və ərizəni təsdiqləyir. Məlumatlar düzgün və tam olduğu zaman, vətəndaş “Ərizəni oxudum” bölməsini təsdiq edir və “Göndər” düyməsinə basaraq müraciətini quruma göndərir. Yaxın vaxtlarda “mygov” platformasının yenilənmiş versiyasında, müraciət təsdiqləndikdən sonra vətəndaş arayışın hazır olduğu barədə bildiriş alacaq. Arayışı həmçinin, “Şəxsi məlumatlarım” bölməsindən PDF formatında yükləmək mümkün olacaq.
HAB olaraq, sözügedən tətbiqin vətəndaşların vaxtına qənaət etmələrinə, həmçinin kağız istifadəsinin azaldılmasına və ətraf mühitə müsbət təsir göstərəcəyinə gətirib çıxaracağını düşünürük. Ancaq əlverişsiz cəhət olaraq qeyd edək ki, internetə çıxışı olmayan və ya texnologiya ilə bağlı çətinlikləri olan istifadəçilər bu rəqəmsal xidmətlərdən yararlana bilməyəcəklər. Şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı narahatlıqlar da mövcuddur, çünki onlayn müraciət zamanı məlumatların oğurlanması və ya səhvən göndərilməsi riski var. Platformanın bütün qurumlar üçün tam şəkildə əlçatan olmaması və müraciətlərin cavablandırılma müddətinin uzanması da potensial mənfi nəticələr yarada bilər.