top of page
Search

Qara qutunun dinlənməsi hansı qanuni əsaslarla tənzimlənir?

  • Dec 26, 2024
  • 3 min read

Son günlərdə xalqımızı yasa boğan təyyarə qəzasının səbəblərinin araşdırılması üçün aidiyyəti qurumlar tərəfindən müvafiq addımlar atılmaqdadır. Bəs bu araşdırma hansı normalarla tənzimlənir?

HAB olaraq bu araşdırmanı tənzimləyən normalara nəzər salacağıq. Bu proses həm milli, həm də beynəlxalq qanunlarla tənzimlənir. Beynəlxalq miqyasda bu sahədə tətbiq olunan əsas prinsip və qaydalar Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Anneks 13 ("Aircraft Accident and Incident Investigation") sənədində təsbit olunmuşdur. Milli səviyyədə isə “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu bu münasibətləri tənzimləyir.



Araşdırmanın aparılmasında ilkin addımlardan biri qara qutunun, yəni təyyarələrin fəaliyyətini və vəziyyətini qeydə alan cihazın dinlənilməsidir. Bəs qara qutu tam olaraq nədir, nə işə yarayır?

Anneks 13-ün 1. Bölməsinin verdiyi anlayış belədir: Uçuş yazıcısı. Qəza/insident təhqiqatını tamamlamaq məqsədi ilə hava gəmisində quraşdırılmış istənilən növ qeyd cihazı. Anneksə görə Qəza və ya insidentin təhqiqatında uçuşu qeyd edən cihazlardan səmərəli istifadə edilməlidir. Təhqiqat aparan dövlət gecikmədən uçuş yazıcılarının oxunmasını təşkil etməlidir.

Milli qanunvericiliyimizdə Aviasiya hadisələri və insidentlərinin araşdırılmasının təşkili “Aviasiya haqqında” Qanunun 17. Maddəsinə əsasən tənizmlənir. Belə ki, həmin maddənin tələblərinə əsasən hər bir aviasiya hadisəsi və ya insidentinin başvermə səbəbləri Prezident tərəfindən yaradılan komissiya tərəfindən araşdırılır. Həmçinin Aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılması təqsirli şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi məqsədi daşımır. Əsas məqsəd bu hadisələrin və insidentlərin başvermə səbəblərinin müəyyən edilməsi və onların qarşısının alınması üçün preventiv tədbirlərin həyata keçirilməsidir.

Qeyd edək ki, milli qanunvericilikdə səs yazılarının necə oxunmasına dair təlimat mövcud deyil. Bu proses də məhz Anneks 13-ün D başlıqlı əlavəsi ilə tənzimlərnir. Gəlin, həmin əlavənin zəruri hissələrənə nəzər salaq.

Hər hansı bir qəza baş verdikdən sonra, istənilən dövlətin qəza istintaq orqanı üçün çox çətin bir dövr başlayır. İlk növbədə qərar veriləcək məsələlərdən biri, uçuş qeydiyyat qurğularının oxunacağı və təhlil ediləcəyi yerin müəyyən edilməsidir. Bu qurğuların qəza baş verən kimi mümkün qədər tez oxunması vacibdir, çünki bəzi sübutlar keçici xarakter daşıya bilər. Qüsurların erkən müəyyən edilməsi oxşar hadisələrin qarşısının alınması üçün tədbirlər görülməsinə də yardım edə bilər. Bir çox dövlətin uçuş məlumatlarını (səs və məlumatlar) oxumaq və təhlil etmək üçün öz imkanları yoxdur və digər dövlətlərdən yardım istəməli olur. Buna görə də, qəza istintaqı aparan dövlət uyğun bir oxuma müəssisəsi ilə vaxtında razılaşmalar əldə etməlidir.

Araşdırma aparan dövlət (əsas araşdırma aparmaq öhdəliyi qəzanın baş verdiyi dövlətə düşür), öz fikrincə, istintaq üçün ən yaxşı xidməti göstərə biləcək istənilən dövlətdən yardım tələb edə bilər. Qeydiyyat qurğularının oxunması üçün müəssisələr aşağıdakı bacarıqlara sahib olmalıdır:


  • Zədələnmiş qeydiyyat qurğularını söküb oxumaq;

  • Əsas qeydləri xüsusi cihaz olmadan oxuya bilmək;

  • Xam məlumatları rəqəmsal qaydada təhlil etmək;

  • Səs yazılarını proqram təminatı ilə yaxşılaşdırmaq.

 

Təyyarənin istehsal və ya dizayn dövləti isə uçuş qeydiyyat məlumatlarının oxunması üçün ekspertiza təmin etməlidir.

Operator dövləti yəni Hava gəmisi istismarı ilə məşğul olan və ya onunla məşğul olmağı təklif edən şəxs, təşkilat və ya müəssisənin yerləşdiyi dövlət uçuş əməliyyatlarına dair tənzimləmə məsuliyyətinə sahibdir və operatora səciyyəvi ola biləcək əməliyyat məsələlərində dəstək təmin edə bilər. Uçuş qeydiyyat qurğusundan əldə edilən məlumatlar əməliyyat problemlərini üzə çıxara biləcəyi üçün, operator dövləti, uçuş qeydiyyat qurğusunun oxunması və təhlili zamanı bir nümayəndənin iştirakını təmin etməlidir.

Materialların əladə edilməsi üçün Anneks 13-ün D başlıqlı əlavəsinin əsas tövsiyə etdiyi prosedurlar aşağıdakılardır.

 

· Uçuş məlumatları qeydiyyat qurğusu (FDR) və kabin səs qeydiyyat qurğusu (CVR) eyni müəssisədə oxunmalıdır, çünki hər iki qurğu bir-birini tamamlayan məlumatları ehtiva edir.Buna görə də onların eyni yerdə oxunması qeydiyyatların doğruluğunun yoxlanılmasına və vaxt/sinxronizasiyanın təyin edilməsinə kömək edir.

 

· Qeydiyyat qurğuları açılmamalı, enerji ilə təmin edilməməli və ilkin qeydlər kopyalanmamalıdır (xüsusilə yüksək sürətli kopya qurğuları ilə), çünki bu qeydlərə zərər verə bilər.

 

· Digər dövlət üçün oxuma prosesi həyata keçirilən müəssisə, təhlil edilən uçuş qeydiyyat məlumatlarının nəzərə alındığını təsdiqləmək üçün yekun hesabat üzərində rəy bildirmək imkanı əldə etməlidir.

 

· Qeydiyyat qurğularının oxunduğu müəssisə, kalibrləmə məlumatlarını yoxlamaq və yazılmış məlumatları doğrulamaq üçün təyyarə istehsalçısının və ya operatorun dəstəyinə ehtiyac duya bilər.

 

· Araşdırma aparan dövlət istintaq tamamlanana qədər orijinal qeydləri və ya kopyalarını oxuma müəssisəsində saxlaya bilər, bu da istintaqın effektiv davam etməsinə imkan yaradır.

 

Beləliklə, uçuş qeydiyyat qurğularının, yəni qara qutuların araşdırılması prosesi həm beynəlxalq normalar, həm də milli qanunvericiliklə tənzimlənir. ICAO Anneks 13 və “Aviasiya haqqında” Qanunun müddəaları bu sahədə əsas hüquqi çərçivəni təmin edir. Qara qutulardan əldə edilən məlumatlar, yalnız qəza və ya insidentin səbəblərini müəyyən etməyə deyil, həm də gələcəkdə baş verə biləcək oxşar hadisələrin qarşısını almaq üçün preventiv tədbirlərin həyata keçirilməsinə yönəlib. Bununla da aviasiya təhlükəsizliyinin artırılması və insan həyatının qorunması üçün fundamental bir addım atılmış olur. Qara qutuların təhlilindən əldə edilən nəticələr, istintaq prosesində iştirak edən bütün tərəflər arasında əməkdaşlığın vacibliyini bir daha vurğulayır. Bu isə həm milli, həm də beynəlxalq aviasiya təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

 
 
bottom of page