Restoranda işçi hüquqlarının pozulması
- Jan 30
- 2 min read
Son günlərdə restoran sahibi İ.Fərid adlı sahibkarın Samirə adlı ofisianta qarşı zorakılıq törətməsi ilə bağlı yayılan xəbərlər cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Belə ki, Restoran sahibi İ.Fərid, ofisiant Samirənin “TikTok”da canlı yayım açdığını görərək onu işdən çıxarıb. Ertəsi gün Samirə əməkhaqqını almağa gəldikdə, sahibkar maaşını verməkdən imtina edib. Bundan sonra Fərid müştərilərin gözü qarşısında ona hücum edərək fiziki zorakılıq tətbiq edib. Nəticədə Samirə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə işçi hüquqlarının kobud şəkildə pozulması və cinayət tərkibli hərəkətlər kimi qiymətləndirilə bilər. Hüquq Araşdırma Bürosu (HAB) olaraq baş verən hadisəyə hüquqi prizmadan yanaşaraq, sahibkarın və zərərçəkmişin hüquqlarını və məsuliyyətlərini nəzərdən keçirəcəyik.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (ƏM) əsasən, işçinin işdən çıxarılması müəyyən edilmiş prosedurlara uyğun şəkildə həyata keçirilməlidir. İşəgötürən işçini işdən çıxarmaq üçün ƏM-in 10. Fəslində göstərilən tələblərə riayət etməlidir. İşçinin sosial şəbəkələrdə aktiv olması və ya canlı yayım açması onun işdən dərhal kənarlaşdırılması üçün qanuni əsas deyil, bu o halda əsas olardı ki, ƏM-nin 68. Maddəsinin e bəndində qeyd edildiyi üzrə işçinin sosila şəbəkədə aktiv olması tərəflərin əmək müqaviləsində müəyyən etdiyi xitam hallarına daxil olardı . Əgər işçinin davranışı iş qaydalarına ziddirsə, əvvəlcə ona xəbərdarlıq edilə bilər, və ya nizam-intizam tədbirləri görülə bilərdi.
Həmçinin, ƏM-in 83-cü maddəsinə əsasən, Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. İşəgötürən işçini işdən azad etsə belə, onun əməkhaqqını verməkdən imtina etməsi qanunsuzdur və inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 192.6. maddəsinin tələbinə əsasən İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Sözügedən hadisədə həmçinin cinayət hüquqi aspektlər mövcuddur. İşəgötürənin işçinin baş və bədən nahiyələrinə zərbə vurması, xəstəxanaya yerləşdirilməsi Cinayət Məcəlləsi üzrə cinayət işinin açılmasına əsas
Hadisə zamanı Samirənin baş və bədən nahiyələrinə zərbə alması, xəstəxanaya yerləşdirilməsi Cinayət Məcəlləsinin 221.1-ci maddəsi üzrə yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər -xuliqanlıqla bağlı cinayət işinin açılmasına əsas verir. Bununla bağlı sahibkar cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 ay müddətə azadlıqdan məhrum edilib.
Baş verən hadisə bir neçə hüquqi aspektdən ciddi pozuntu kimi qiymətləndirilə bilər. İşçinin işdən çıxarılma prosesi qanunsuz aparılmış, əməkhaqqı ödənilməmiş və fiziki zorakılığa yol verilmişdir. Bu səbəbdən, hüquq-mühafizə orqanları və məhkəmə instansiyaları bu işi obyektiv araşdırmalı və müvafiq hüquqi tədbirlər görməlidirlər. Bundan əlavə, bu kimi halların qarşısını almaq üçün işçilərin hüquqları haqqında maarifləndirmə artırılmalı və iş yerlərində əmək münasibətləri ilə bağlı nəzarət gücləndirilməlidir.