top of page
Search

Sürprizə görə işdən çıxarıldı.

  • Jan 15
  • 2 min read

Son günlərdə cəmiyyətdə əməliyyat otaqlarında gigiyena qaydalarına riayət edilməsi məsələsi ciddi müzakirələrə səbəb olub. Bu mövzuda əsas diqqət mama-ginekoloq Ləman Əliyevanın əməliyyat zamanı “sürpriz” təbriki qəbul etməsinə yönəlib. Sözügedən  məsələ ilə bağlı bildirilir ki, həkim işdən çıxarılıb. HAB olaraq əmək qanunvericiliyinə əsasən həkimin hansı əsasla işdən çıxarıla biləcəyinə nəzər salacağıq.



Məlumunuz olduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (AR ƏM) 10-cu fəsli Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydalarını təsbit etmişdir. Həmin fəslin 68-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:

a) tərəflərdən birinin təşəbbüsü;

b) əmək müqaviləsinin müddətinin qurtarması;

c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;

ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü    

maddəsinin ikinci hissəsində göstərilən işçilər);

d) tərəflərin iradəsindən asılı olmayan hallar;

e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

 

Bu məsələdə həkimin işdən çıxarıldığı məlumatının verildiyini nəzərə alaraq onun müqaviləsinə tərəflərdən birinin təşəbbüsü əsasında xitam verildiyini təxmin etmək çətin deyil. Bəs tərəflər kimlərdir? Tərəflər dedikdə, işçi və işəgötürən nəzərdə tutulur. Bu halda isə təşəbbüskar tərəfin işəgötürən olduğu aşkardır. İşəgötürən, sözügedən sürprizin görüntülərini nəzərə alaraq AR ƏM 70. Maddənin ç bəndinə əsasən həkimin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, əmək vəzifələrini kobud şəkildə pozduğunu əsas götürmüş ola bilər. Bəs əmək vəzifələrini kobud şəkildə pozmaq dedikdə nələr başa düşülür? Bu pozuntular AR ƏM 72. Maddədə öz əksini tapmışdır. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:

a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;

b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; 

c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;

ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;

d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;

e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;

ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;

f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi

Həkimin əməlinə nəzər salsaq 72. Maddənin e bəndində nəzərdə tutulan pozuntunu törətdiyini görə bilərik.

Hadisə həm hüquqi, həm də etik baxımdan ciddi nəticələr doğurdu. Əməliyyat otaqlarında sterilliyin qorunması yalnız tibbi prosedurların keyfiyyəti üçün deyil, həm də xəstənin həyatı üçün vacibdir. Gələcəkdə bu cür halların qarşısını almaq üçün tibb müəssisələrində nəzarət mexanizmlərinin gücləndirilməli və tibbi personala təlimlərin keçirilməsi təmin edilməlidir.

 
 
bottom of page