Sənət Dünyasında Hüquqi Dəyərlər: Yaradıcılıq və Patent Hüququnun Qarşıdurması
- Dec 18, 2024
- 2 min read
İntellektual mülkiyyət hüquqları, yaradıcılığın və innovasiyaların qorunması baxımından müasir hüquqi sistemlərin vacib bir hissəsidir. Patentləşdirmə hüququ isə bu sahədə mühüm yer tutur. Azərbaycan mədəniyyətində əhəmiyyətli yerə malik “Ritm” qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov və əvvəllər onun qrupunun üzvü olan “Amarok” zərb alətləri qrupunun rəhbəri Ramil Cahangirov arasında yaranmış hüquqi mübahisə bu məsələni bir daha gündəmə gətirib. HAB olaraq məqalədə, mübahisənin hüquqi aspektləri, patentləşdirmə hüququnun əsasları və tərəflərin mövqelərini təhlil edəcəyik.

Bunun üçün əvvəlcə patent nədir onu müəyyənləşdirməliyik. AR-nın “Patent”haqqında qanununa əsasən patent –– ixtira, faydalı model və sənaye nümunəsi üçün Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən verilən mühafizə sənədidir. İxtira, faydalı model və sənaye nümunələrinə hüquqlar dövlət tərəfindən qorunur və patentlə təsdiq edilir.
Patent, ixtira, faydalı model və sənaye nümunəsinə müəllifliyi və ilkinliyi təsdiq edir və onlardan istifadə etmək üçün müstəsna hüquq verir.
Patent hüquqları, yaradıcılıq məhsulunun müəllifinə öz ixtirasını qanunla qorumaq və üçüncü şəxslərin icazəsiz istifadəsinin qarşısını almaq hüququnu verir. AR-nın “Patent haqqında” qanununa əsasən, patent sahibi patentləşdirdiyi obyekt üzərində müstəsna hüquqlara malikdir. Bu hüquqlar, patent sahibinə ixtira, faydalı model və ya sənaye nümunəsindən istifadə etmək, onu istehsal etmək, satmaq, idxal və ya ixrac etmək hüququ verir. Bununla yanaşı, patentlə qorunan obyektə dair hər hansı müdaxilə qanun pozuntusu hesab edilir və mülki, inzibati və ya cinayət məsuliyyəti ilə nəticələnə bilər.
Bəs dövlətin bu qoruması sonsuza qədərmi gedir?
Əlbəttə, xeyr.
Azərbaycan Respublikası ərazisində patentin qüvvədə olma müddəti iddia sənədinin yəni ixtira, faydalı model və sənaye nümunəsinə patent almaq üçün tərtib edilmiş sənədlər toplusunun Əqli Mülkiyyət Agentliyinə verildiyi gündən etibarən aşağıdakı kimi müəyyənləşdirilir:
ixtira üçün –– 20 il;
faydalı model üçün –– 10 il;
sənaye nümunəsi üçün –– 10 il.
Bu müddətlər vəsatət əsasında 5 ilə qədər uzadıla bilər.
Müzakirəyə səbəb olan Natiq Şirinov və Ramil Cahangirov arasındakı mübahisə, patentləşdirilmiş obyektlərin hüquqi mühafizəsinin nə dərəcədə effektiv olduğunu göstərir. Məhkəməyə təqdim olunan iddiada, Natiq Şirinov patentləşdirdiyi qavaldas maketinin icazəsiz mənimsənildiyini və bu əsasında yeni bir alət yaradıldığını iddia edir. Bu halda Patentləşdirilmiş obyektin həqiqətən də Natiq Şirinovun adı ilə hüquqi qorunma altına alınması əsas sübutdur. Əgər qavaldas maketi patentləşdirilibsə, onun hər hansı bir formada icazəsiz istifadə edilməsi hüquq pozuntusu hesab oluna bilər.
İddiaların həqiqiliyini təsdiq etmək üçün texniki ekspertiza vacibdir. Məhkəmə ekspertləti patentləşdirilmiş obyekt və mübahisəli alət arasındakı oxşarlığı müəyyən etməlidirlər. Ekspert rəyinin olmaması və ya kifayət qədər dəqiq olmaması qərarın gecikməsinə səbəb olur.
Qərarın dəqiqləşməsindən sonra əgər iddialar təsdiqlənərsə işin xatakterindən asılı olaraq Ramil Cahangirov İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun məsuliyyət daşıya bilər.
Natiq Şirinov və Ramil Cahangirov arasında yaranmış mübahisə, patent hüquqlarının mədəniyyət və sənət sahələrində də əhəmiyyətli olduğunu göstərir. Bu məsələ yalnız bir tərəfin hüququnun pozulması deyil, ümumilikdə yaradıcılıq hüquqlarının qorunması üçün bir nümunə kimi dəyərləndirilə bilər.
HAB olaraq düşünürük ki, Patent hüquqlarının mübahisəli hallarda daha dəqiq araşdırılması üçün mütəxəssislərin rolu artırılmalı, Hüquqi maarifləndirmə tədbirləri vasitəsilə yaradıcı şəxslərin hüquqları barədə məlumatlandırmalar aparılmalı və Qanunvericiliyin tətbiqində obyektivliyi təmin etmək üçün məhkəmə prosesləri sürətləndirilməlidir.