top of page
Search

XARICI DIPLOMLARIN TANINMASI: QAYDALAR VƏ PROSEDUR

  • Mar 19
  • 4 min read

Bu gün çox sayda azərbaycanlı gənc xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alır. Xarici diplomların tanınması prosesi məzunların yerli əmək bazarında fəaliyyət göstərməsi və akademik hüquqlardan yararlanması üçün əhəmiyyətlidir. Lakin bu proses müəyyən hüquqi və inzibati tələblərə əsaslanır.


Bu məqaləmizdə Hüquq Araşdırma Bürosu (HAB) olaraq xaricdə alınmış ali təhsil diplomlarının Azərbaycanda tanınması proseduru, bu sahəni tənzimləyən normativ-hüquqi aktlar və müraciət edən şəxslərin diqqət etməli olduğu əsas məqamları izah edəcək  həmçinin, tanınma prosesində qarşıya çıxan əsas çətinliklər və onların həlli yollarına dair məlumat verəcəyik.

Əvvəlcə nəzər salaq ki, bu prosesi tənzimləyən aktlar nələrdir? Diplomun tanınması prosesi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" (Qaydalar) ilə tənzimlənir. Bu Qaydalara əsasən tanınmaya belə bir anlayış verilir: xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi

 

Bəs xarici diplomumuz var və tanınmasını istəyitiksə hansı addımları atmalıyıq?

Tanınma ərizəçinin müraciəti əsasında həyata keçirilir. Tanınmaya dair müraciət elektron qaydada edilir, Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemində qeydiyyata alınır və hər bir ərizəçiyə sistemdə şəxsi kabinet yaradılır. Müraciət Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (Agentlik) daxil olduqdan sonra ərizəçinin müraciətində göstərdiyi əlaqə telefonuna və ya elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Ərizəçi qeydiyyat şifrəsi vasitəsilə onun üçün yaradılmış şəxsi kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər. əgər ərizəçinin müraciəti müraciətin qəbul edilməsi üçün bütün tələblərə uyğundursa qəbul edildiyi gündən 3 ay ərzində müraciətə baxılır. Əgər bu tələblər pozularaq verilmişsə və ya sənədlərdə ziddiuyyət varsa Agentlik 10 gün ərzində ərizəçiyə bununla bağlı məlumat verir.


Agentlik tanınma üçün yerli və xarici müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edə bilər. Fəaliyyətin nəticəsində Agentlik aşağıdakı qərarlardan birini qəbul edir:

·  ali təhsilə aid kvalifikasiyanın akademik və peşə tanınması;

·  ali təhsilə aid kvalifikasiyanın akademik tanınması;

·  ali təhsilə aid kvalifikasiyanın peşə tanınması;

·  ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi.

 

 Aşağıdakı hallarda tanınmadan imtina edilir:

·  Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə (şəxsi məlumatların sənədlərin təqdim edilməsinə dair tələblər) riayət olunmadıqda;

·   ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda;

·  peşə tanınmasına münasibətdə ərizəçi  uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.

 

Tanınma üzrə ümumi tələblər isə aşağıdakılardır:

·  müvafiq diplomun əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması;

·  müvafiq diplomun autentik (həqiqi) olması;

· müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi;

·  Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması);

·  Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması).

 

Ərizəçinin ali təhsilə aid kvalifikasiyasının tanınmasına dair qərar qəbul edildikdə, tanınma şəhadətnaməsi qərarın qəbul edildiyi tarixdən etibarən 5 gün müddətində hazırlanır.  Agentlik tərəfindən təsdiq edilmiş tanınma şəhadətnaməsi ərizəçi üçün yaradılmış şəxsi kabinetdə yerləşdirilir.

 

Bəs tanınmanın nəticəsi ilə razı olmazsa ərizəçi nə etməlidir?

Qeyd  edək ki, tanınmadan imtina və ya təsdiqlə bağlı Agentliyin məktubu inzibati akt hesa edilir çünki o ;

1) İnzibati orqan tərəfindən qəbul edilmişdir -  Təhsildə Keyfiyyət Təminat Agentliyi Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 3-cü kateqoriyalı dövlət orqanıdır.

2) Ümumi (publik) hüquq sahəsinə aid olan – sözügedən məktub dövlət orqanı ilə vətəndaş arasında yaranan münasibətlərə aid olub ümumi hüquqa (ius publicum) aiddir.

3) Müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilir – sözügedən məktub ərizəçinin  diplomunun tanınmasına dair məsələni həll edir.

4) Ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan - sözügedən məktub ərizəçinin diplomunun tanınmamasına və ya tanınmasına gətirib çıxarmaqla onun üçün mənfi və ya müsbət hüquqi nəticə yaradır.


Tanınmanın nəticələrindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilə bilər. Tanınmanın nəticələri ilə bağlı şikayətlərə baxılması üçün Təhsil Nazirliyi tərəfindən Apellyasiya Komissiyası yaradılır.  Ərizəçi Apellyasiya Komissiyasına “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununda nəzərdə tutulmuş müddətlərdə yəni şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün , elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay , aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Müraciətə Apellyasiya Komissiyasında 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.


Ərizəçi Apellyasiya Komissiyasının hərəkətlərindən (hərəkətsizliyindən), eləcə də tanınma ilə bağlı qərarlarından inzibati və (və ya) məhkəmə qaydasında şikayət verə bilər.

 
 
bottom of page