Yol hərəkəti qaydalarının pozulması: sürücüləri gözləyən cəzalar və hüquqi nəticələr
- Feb 19
- 2 min read
Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi hər bir ölkənin hüquq sistemində mühüm yer tutur. Bu baxımdan, yol hərəkəti qaydalarının pozulması halları inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər. Qanunvericiliyimizdə də bu istiqamətdə sərt tədbirlərin həyata keçirilməsini nəzərdə tutulur.

Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən aparılan yoxlamalar nəticəsində bir neçə yol hərəkəti qaydası pozuntusu qeydə alınıb. Məlumata əsasən, üç sürücünun spirtli içki qəbul edərək, bir sürücünün isə narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi müəyyən olunmuşdur. Bu hallara qarşı İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələrinə əsasən tədbirlər görülüb.
İXM Maddə 333- a əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İşin hallarından asılı olaraq bu əmələ görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq oluna bilər.
Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi illə bağlı hallar isə İXM 333-1. İlə tənzimlənir. Belə ki, bu əmələ görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Ancaq işin hallarından asılı olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq oluna bilər.
İXM 333 və 333-1. maddələrində nəzərdə tutlan əməllər nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda bu əməl Cinayət Məcəlləsinin 263-1. maddəsinin tələblərin əsasən üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İşin hallarından asılı olaraq təqsieləndirilən şəxs beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər
Yol hərəkəti qaydalarının pozulması cəmiyyət üçün təhlükə yaradan əsas amillərdən biridir. Buna görə də, hüquq-mühafizə orqanları bu cür halların qarşısını almaq üçün mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirməlidirlər. Sürücülər isə yol hərəkəti qaydalarına riayət etməli, spirtli içki və ya narkotik vasitələrin təsiri altında avtomobil idarə etməkdən çəkinməlidirlər. Bu, həm onların şəxsi təhlükəsizliyi, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün zəruridir.
Müəllif:
HAB üzvü Leyla Təhməzova