top of page
Search

Şagirdlər arasında zorakılıq: hüquqi məsuliyyət və ictimai təhlükələr

  • Feb 17
  • 2 min read

Son günlərdə Bakıda məktəbdənkənar ərazidə bir şagirdin digər məktəblilər tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı yayılan görüntülər geniş müzakirələrə səbəb olub. Hadisə ilə bağlı həm Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ), həm də Daxili İşlər Nazirliyi (DİN) araşdırmalara başladığını bildirib. HAB (Hüquq Araşdırma Bürosu) olaraq sözügedən hadisənin hüquqi aspektlərinə və səbəb olacağı məsuliyyətlərə nəzər salacağıq.

Qanunvericiliyimizə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin (İXM) 157. Maddəsinə əsasən bu əmələ görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin qeyd edək ki, inzibati məsuliyyətə cəlb edilmə yaşı 16-dır. Əgər hadisədəki şagirdlər 16 yaşdan kiçikdirlərsə onların valideylər inzibati məsuliyyətə cəlb edilə bilərlər. Belə ki, İXM 189.1.maddəsinin tələblərinə görə Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə –xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir. 189.4. maddəsinə əsasən eyni əməl on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda-altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.

Həmçini qeyd edək ki, "Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 23.maddəsinə görə təhsilalanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək Ümumi təhsil sahəsində təhsilverənlərin vəzifələri sırasına daxildir. Yəni məktəb nümayəndələri də bu sahədə müvafiq addımlar atmalıdır.

Fiziki zorakılıq təkcə hüquqi məsələ deyil, həm də uşaqların psixoloji sağlamlığına ciddi təsir göstərən bir faktordur. Zorakılığa məruz qalan uşaqların özgüvəni azalır, təhsildən uzaqlaşır və gələcəkdə müxtəlif psixoloji problemlərlə üzləşə bilərlər.

Cəmiyyət bu kimi hallara qarşı həssas yanaşmalı, zorakılığın qarşısının alınması üçün tədbirlər görülməlidir. Məktəblər və valideynlər uşaqlar arasında dostluq və hörmət münasibətlərinin formalaşmasına dəstək verməlidirlər.

Bakıda baş verən bu hadisə bir daha göstərir ki, məktəbli uşaqlar arasında zorakılıq ciddi hüquqi və sosial problemlərə səbəb ola bilər. Hüquq-mühafizə orqanlarının, təhsil müəssisələrinin və valideynlərin birgə fəaliyyəti bu kimi hadisələrin qarşısının alınmasında vacibdir. Cəmiyyət isə zorakılıq hallarına səssiz qalmamalı, problemin həlli üçün birlikdə addımlar atmalıdır.


Müəllif:

HAB üzvü Leyla Təhməzova

 
 
bottom of page